Ən çox verilən suallar

1. Macarıstanda əcnəbilər üçün təhsil hansı dillərdədir?
Əksər proqramlarda xaricilər üçün təhsil ingilis dilindədir. Bəzi ali məktəblərdə xüsusi ixtisaslar alman dilində tədris olunur. Bundan başqa təhsili yalnız alman dilində olan Andrássy University də var. Əlbəttə ki, macar dilində də təhsil almaq mümkündür.

2. Macarıstanda universitetlərə ümumi qəbul proseduru varmı?
Hər ali məktəb əcnəbilər üçün qəbul qaydalarını özü müəyyən edir. Lakin qaydalar ümumilikdə oxşardırlar:
- bakalavrda təhsil almaq üçün IELTS 5.0-6.0 və ya TOEFL 60-80 bal, orta məktəbi bitirmək haqqında attestatın (11-ci sinifdə oxuyanlar üçün müvafiq arayışın) rəsmi tərcümə və təsdiq olunmuş surəti;
- magistratura proqramları üçün isə IELTS 5.5-6.5 və ya TOEFL 70-90 bal, bakalavrı bitirmək haqqında attestatın (son kursda oxuyanlar üçün müvafiq arayışın) rəsmi tərcümə və təsdiq olunmuş surəti bəs edir.
Bu sənədlərlə yanaşı ali məktəbdən, ixtisasdan və dərəcədən asılı olaraq bəzi ali məktəblər motivasiya məktubu, CV, tövsiyə məktubu, digər sertifikatlar və sənədləri, bəzi hallarda isə Macarıstanda qəbul imtahanında iştirak etməyi tələb edə bilərlər.

3. Dil sertifikatı (TOEFL, IELTS və s.) olmadan Macarıstan universitetlərinə qəbul ola bilərəmmi?
Demək olar ki, bütün ali məktəblərə qəbul zamanı dil sertifikatı olmayan şəxslər universitet tərəfindən təşkil olunmuş ingilis dili imtahanından keçməlidirlər. İmtahandan keçən şəxslər dərhal birinci kursa başlayırlar, keçə bilməyən şəxslərə isə universitet tərəfindən hazırlıq kursları təşkil olunur. Bizim nümayəndəlik bir neçə universitet üçün Bakıda qəbul imtahanı keçirmək hüququ alıb.

4. Macarıstan şəhərlərində yaşayış xərcləri Bakı ilə müqayisədə bahadırmı?
Xeyr, Macarıstanın bütün şəhərlərində ümumi yaşayış xərcləri orta hesabla Bakıdan ucuzdur.

5. Macarıstanda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil ala bilərəmmi?
Bəli, Macarıstanda əcnəbi tələbələrə təhsil verən 12 ali məktəb dövlət proqramına daxildir və bu ali məktəblərə daxil olmuş şəxslərin təhsil xərcləri Azərbaycan dövləti hesabına qarşılana bilər. Dövlət proqramı çərçivəsində tələbənin təhsil haqqı, yol, viza, sığorta xərcləri ödənməklə bərabər, aylıq xərclərin qarşılanması üçün 800 avro təqaüd verilir. Lakin bu proqram artıq başa çatmışdır və uzadılıb-uzadılmayacağı dəqiq bilinmir.

6. Macarıstanda təqaüd proqramları (scholarship) varmı?
Bəli, var. Bunlar aşağıdakılardan ibarətdir:
- Xüsusi fondların təqaüd proqramları. Məsələn, Vışeqraf Fondu Azərbaycandan Macarıstana gələn tələbələrə təqaüd verir. Lakin bu tədris ili üçün sənəd qəbulu artıq bitmişdir.
- Universitetlərin təqaüd proqramları. Hazırda cəmi 2 universitet öz tələbələrinə təqaüd verir: Central European UniversityAndrássy University. Bu ali məktəblər və təqaüd proqramları haqqında saytımızda həmin universitetlərin səhifələrində qeyd etmişik.
- “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil. Bunun üçün tələbə bizim vasitəmizlə Macarıstanda ali məktəbə daxil olmalıdır, sonra ali məktəbin sənədləri və Təhsil Nazirliyinin tələb etdiyi sənədləri bu təqaüd proqramına qəbul olmaq üçün təqdim etməlidir. Lakin bu proqram artıq başa çatmışdır və uzadılıb-uzadılmayacağı dəqiq bilinmir.
- Macarıstan hökumətinin 200 Azərbaycanlı tələbə üçün nəzərdə tutduğu təqaüd proqramı.
Macarıstanda təhsil proqramları üçün ayrıca sayt yaratmışıq: http://scholarship.study-hungary.com/

7. Macarıstan ali məktəblərinin verdiyi diplomlar Azərbaycanda tanınırmı?
Macarıstanda verilən diplomlar nəinki Azərbaycanda, eləcə də bütün dünyada tanınır. Macarıstan 2004-cü ildən Avropa Birliyi üzvü olduğundan ali məktəbləri artıq çox illərdir ki, kredit sistemi və Boloniya prosesinə qoşulublar. Məhz bu səbəbdən dünyanın hər bir tərəfindən müxtəlif ölkələrin vətəndaşları Macarıstana təhsil almağa gəlirlər və Macarıstanda demək olar ki, dünyanın bütün ölkələrindən olan şəxslərə rast gəlmək mümkündür. Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün yaradılmış saytdakı siyahıya əsasən bütün əməkdaşlıq etdiyimiz universitetlərin diplomlarının tanındığına əmin ola bilərsiniz.

8. Macarıstanda az yaşamaq şərtilə qiyabi və ya distant təhsil ala bilərəmmi?
Xeyr, Macarıstanda əcnəbilər üçün qiyabi və ya distant təhsil təklif olunmur, lakin bəzi ixtisaslarda doktorantura üzrə təhsil alan zaman daimi olaraq Macarıstanda və ya ali məktəbdə olmaq vacib deyil, dərs qrafiki sərbəstdir. Bəzilərində hətta ildə 2 dəfə 5-10 günlük Macarıstanda olmaq bəs edir.


İstədiyiniz suala cavab tapmadınızsa, bizə e-mail yazmaqdan saxlamaqdan çəkinməyin: info@study-hungary.com